İrəvanın ədəbi nəfəsi: “Lək-lək” jurnalında şeir və sənətkarlıq
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2026.1.131
Abstract
XIX əsrin sonu və XX əsrin əvvəlləri İrəvanın mədəni-ictimai həyatında Cabbar Əsgərzadə tərəfindən nəşr olunan “Lək-lək” jurnalı Azərbaycan satira tarixində maarifçilik hərəkatının ən parlaq səhifələrindən birini təşkil edir. 1914-cü ildə işıq üzü görən bu məcmuə, xalqın milli oyanışı, cəhalətdən qurtulması və qadın azadlığı ideyalarını özündə birləşdirən mənəvi bir manifestdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini İrəvan mühitinə daşıyan dərgidə, cəmiyyəti daxildən gəmirən sosial bəlalar, riyakarlıq və xurafat kəskin satira atəşinə tutulur. Cabbar Əsgərzadənin yaradıcılığında “Ləklək” obrazı sadəcə bir quş deyil, haqqı deyən, cəmiyyəti yuxudan oyadan bir ziyalı simvolu kimi çıxış edir. O, satiraya “acı dərman” kimi yanaşaraq, mənəvi xəstəlikləri sağaltmağın yeganə yolunun həqiqətləri açıq şəkildə söyləmək olduğunu vurğulayır. Jurnalın səhifələrində qadın təhsili və erkən nikah problemləri xüsusi yer tutur; Gülnaz obrazı vasitəsilə valideynlərin nadanlığı və gənclərin milli köklərdən uzaqlaşma təhlükəsi ifşa olunur. Məmməd Səid Ordubadinin “Hərdəmxəyal” imzası ilə yazdığı əsərlər feodal-patriarxal quruluşun süqutunu və elmi tərəqqinin qaçınılmazlığını müjdələyir. O, zahirən müasir görünən, lakin daxilən hələ də köhnə fikirli qalan “eynəkli-kraxmallı” tipləri tənqid edərək, əsl tərəqqinin mənəvi intibahda olduğunu göstərir. Eyni zamanda, Əliqulu Qəmküsarın “Naqqal” və Hacı Məhəmmədzadənin “Şeytan” imzaları ilə təqdim etdikləri nümunələr cəmiyyətdəki ailə dramlarını, övlad tərbiyəsindəki boşluqları və dini pərdə altındakı saxtakarlıqları ustadcasına canlandırır.